Böyük Qələbə Bayramınız mübarək!

Böyük Zəfər Bayramı münasibətilə! “AZMAN HOLDİNG”in əməkdaşları Zəfər Gününü «44» filminə kollektiv baxış, şəhid ailələri və müharibə veteranları ilə görüşlə qeyd etdilər.

Zəfər Günü Azərbaycan xalqının qürur və sevinc rəmzi, tarixi ədalətin təcəssümüdür. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsi xalqımızın tarixində şanlı səhifəyə çevrildi, milli birliyimizin, həmrəyliyimizin və qəhrəmanlığımızın parlaq nümunəsi oldu.

“AZMAN HOLDİNG” şirkəti hər il 8 Noyabr – Zəfər Günü münasibətilə müxtəlif tədbirlər həyata keçirir. Ötən illərdə bu əlamətdar tarix çərçivəsində alimlər, politoloqlar, jurnalistlər və Vətən müharibəsi iştirakçıları ilə görüşlər təşkil olunub, müxtəlif mövzularda müzakirələr və fikir mübadiləsi aparılıb. Bu görüşlər əməkdaşlarımızın tarixi hadisələr, döyüş əməliyyatlarının gedişi və regionda müharibədən sonrakı vəziyyət barədə daha ətraflı məlumat əldə etməsinə imkan yaradıb.

Bu il “AZMAN HOLDİNG”də Böyük Zəfərin altıncı ildönümünü fərqli formatda qeyd etmək qərara alındı: ekranlara yeni çıxmış “44” bədii filminə kollektiv baxış təşkil olundu. Məlumdur ki, 44 günlük Vətən müharibəsinə həsr edilmiş keyfiyyətli bədii filmin olmaması uzun müddətdir cəmiyyətdə geniş müzakirə olunurdu. “44” filmini bu sahədə ilk uğurlu iş hesab edə bilərik. Oktyabrın 12-də təqdimatı keçirilən, oktyabrın 15-dən etibarən isə paytaxtın kinoteatrlarında nümayiş etdirilən “44” bədii filmi dərhal diqqəti cəlb etdi və cəmi bir neçə gün ərzində həm ictimaiyyətin, həm də holdinqimizin əməkdaşlarının maraq dairəsinə daxil oldu. Noyabrın 4-5-də “AZMAN HOLDİNG”in əməkdaşları kollektiv şəkildə “Deniz Mall”da yerləşən “Cinema Plus” kinoteatrına yollandılar. Sanki 2020-ci ilin o gərgin müharibə günlərinin ab-havasına yenidən qayıtdıq. Film hamımızı həmin günlərdə hökm sürən vətənpərvərlik ruhuna, özümüzə, dövlətimizə və Liderimizə olan sarsılmaz inam mühitinə qaytardı. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının sarsılmaz iradəsinin və Vətənə məhəbbətinin ən parlaq nümunələrindən biridir. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyində həlledici mərhələ oldu, noyabrın 10-da isə Üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı.

Bu tarixi Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. İnanırıq ki, tariximizi əks etdirən belə ekran əsərləri Vətən müharibəsinin mahiyyətini, qəhrəmanlarımızın şücaətini və qazanılmış Qələbənin əhəmiyyətini gələcək nəsillərin daha dərindən dərk etməsinə kömək edəcək.

Filmdə xüsusilə emosional dərinliyin qorunması xoş təəssürat yaratdı. Süni pafosdan uzaq olan ekran əsərində müharibə insan taleləri, hərbçilərin və onların ailə üzvlərinin yaşantıları prizmasından təqdim edilir, hadisələrin xronologiyası inandırıcı şəkildə əks olunur.

Filmin yaradıcı kollektivinə böyük hörmətlə yanaşırıq. Müharibədə qələbənin əsas amillərini tamaşaçıya çatdıran uğurlu ssenari, aktyor seçimi, rolların ustalıqla ifası, rejissor və operator işinin yüksək səviyyəsi tamaşaçını filmi, necə deyərlər, birnəfəsə izləməyə vadar edir, tamaşa ərzində diqqəti və gərginliyi qoruyub saxlayır.

Demək olar ki, bütün əməkdaşlarımız filmi izləyərkən emosiyalarını gizlədə bilmədilər, çoxlarının gözləri yaşardı. Bunlar müharibə nəticəsində taleyi yarımçıq qalmış dinc insanların itkisinə görə kədər göz yaşları, eyni zamanda oğullarımızın Vətəni işğalçılardan azad etməsinə görə sevinc, Azərbaycan əsgərinin qəhrəmanlığı ilə bağlı qürur göz yaşları idi.

Hamımız yekdil fikrə gəldik ki, yaradıcı kollektiv Böyük Qələbəmizə layiq bir film ərsəyə gətirib. Buna görə də kollektivimiz adından filmin yaradılmasında əməyi olan hər kəsə dərin minnətdarlığımızı bildiririk. Zaman keçir, lakin yüksək sənətkarlıqla yaradılmış kino əsərləri xalqın yaddaşında Böyük Zəfərin əhəmiyyətini əbədi yaşadır, müharibədə canından və sağlamlığından keçənlərin unudulmasına imkan vermir...

“AZMAN HOLDİNG” əməkdaşları strukturlarımızdan cəbhəyə yollanmış və Vətən uğrunda qəhrəmancasına həlak olmuş oğullarımızın ailələrini bayram ərəfəsində ziyarət etdilər.

Hazırda holdinqimizin müxtəlif strukturlarında I və II Qarabağ müharibələrinin 47 veteranı çalışır. 8 Noyabr – Zəfər Günü ərəfəsində çalışdıqları kollektivlərdə onlarla görüşlər təşkil olunub, hər birinə holdinq rəhbərliyi adından bayram təbriki çatdırılıb.

Xəbəri paylaş

Digər xəbərlər

07-11-2026

Böyük Qələbə Bayramınız mübarək!

Böyük Zəfər Bayramı münasibətilə! “AZMAN HOLDİNG”in əməkdaşları Zəfər Gününü «...

Daha çox
27-09-2026

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Azərbaycanın müasir hərb tarixinə möhtəşəm Zəfər salnaməsi kimi yazılan 44 günlük Vətən müharibəsini...

Daha çox