“Raquf Orucov Kuboku” vətənpərvərlik məsələsidir"

Azərbaycan Respublikasının polkovnik-leytenantı, Aprel döyüşlərində şəhid olan Raquf Orucovun xatirəsinə keçirilən “Raquf Orucov Kuboku” beynəlxalq turniri 4 illik fasilədən sonra bərpa edilib. “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən ənənəvi turnirdə bu dəfə 20 yaşadək gənclər (U-20) qüvvələrini sınayıblar.

Bugünkü mövzumuz da məhz “Raquf Orucov Kuboku” beynəlxalq turniridir.

Bu turnirə niyə fasilə verilmişdi? Turnirin bərpa ideyası necə yarandı? Yarış haqqında daha ətraflı məlumat almaq üçün “Azman Holdinq”in media meneceri Xanlar Məmmədovla söhbətləşdik.

- Xanlar müəllim, “Raquf Orucov Kuboku” beynəlxalq turnirini keçirmək ideyası necə yarandı?

- Əvvəlcədən qeyd edim ki, turnirin təşkili idman tədbiri olmaqla yanaşı, həm də bir vətənpərvərlik məsələsidir. Hərb tariximizdə şərəfli yer tutan 2016-cı ilin dördünlük Aprel döyüşləri xalqımızın vətənpərvərlik ruhunun nümayişi idi. Bu döyüşlər göstərdi ki, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək əzmində və gücündədir. O zamankı hərbi uğurun məntiqi davamı kimi, 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü təmin olundu, bu il sentyabrın 19-20-də həyata keçirilən bir sutkalıq lokal antiterror tədbirləri nəticəsində isə Qarabağda separatzimin kökü kəsildi və həmin ərazilərdə dövlətimizin suverenliyi tam bərqərar edildi. Biz bu tarixi zəfərlərin şahidi olduğumuz üçün çox xoşbəxtik…

İstər dördgünlük Aprel döyüşləri, istərsə də sonrakı hərbi əməliyyatlar zamanı “Azman Holdinq”in təsisçiləri, rəhbərləri və çoxsaylı işçi heyəti mənən qəhrəman hərbçilərimizin yanında idilər. Biz müxtəlif humanitar aksiyalar gerçəkləşdirərək, ordumuza dəstək olmağa çalışdıq. Sonrakı dövrdə isə şəhid ailələrinə, əillərə və veteranlara maddi və mənəvi dəstək göstərilməsi ənənəvi hal aldı, hazırda da davam etdirilir.

Hələ Aprel şəhidlərinin dəfn və hüzr mərasimlərinin keçirildiyi günlərdə holdinqin təsisçiləri Azər Əsgərov və Rəşad Məmmədov, həmçinin idarə heyətinin rəhbərləri vətən yolunda canını qurban verən igid hərbçilərimizin xatirəsinə ehtiramın ifadəsi kimi kütləvi idman tədbirinin təşkili barədə fikir mübadiləsi aparırdılar. Qeyd edim ki, holdinqin rəhbərləri arasında istefada olan zabitlər də var və onlardan bir neçəsi Aprel döyüşlərinin yaşca ən böyük və yüksək rütbəli şəhidi, hələ sağlığında əfsanəvi kəşfiyyatçı kimi şöhrət qazanmış Raquf Orucovu orduda xidmət keçdikləri vaxtdan şəxsən tanıyırdı. Məhz bütün şəhidlərimizin ümumiləşdirilmiş obrazı kimi onun şərəfinə beynəlxalq cüdo turniri təşkil etmək ideyası yekdilliklə bəyənildi. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası da bu ideyanı dəstəklədilər. Əlbəttə, turnir üçün cüdo idman növünün seçilməsi holdinqin həmtəsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” ictimai birliyinin rəhbəri Azər Əsgərovun təklifi idi...

- Yarış ilk dəfə 2017-ci ildə təşkil olunanda kifayət qədər rəğbət qazanmışdı...

- Bəli. Turnir birinci dəfə 2017-ci ilin aprel ayında keçirildi. Geniş ictimai rəğbət doğurdu. Təsisçilər bunu əsas götürərək turniri hər il təşkil etmək qərarına gəldilər və 2018, 2019-cu illərdə də bir neçə ölkəni təmsil edən komandalar növbəti dəfə Bakıya dəvət olundular. Turnir idmançılar arasında dostluq əlqaələrini möhkəmləndirmək və həmçinin, xalqımızın Qarabağ uğrunda mübarizə əzmini beynəlxalq miqyasda nümayiş etdirməklə yanaşı ölkəmizdə cüdonun inkişafına da öz töhfəsini verdi...

Bir faktı da qeyd etmək istərdim: “Azman Holdinq” daha bir idman və vətənpərvərlik tədbirinin - 2017-ci ildə Qusar şəhərində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq turnirinin təşkilinə də maliyyə dəstəyi göstərib.

- Yəqin ki, “Raquf Orucov Kuboku” beynəlxalq turnirinə 4 illik fasilə verilməsinin obyektiv səbəbləri oldu...

- Əlbəttə ki, turnirə fasilə verilməsinin obyektiv səbəbi vardı: 2020-ci ilin mart ayından qlobal koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda da xüsusi karantin rejimi tətbiq olundu, kütləvi tədbirlər, o cümlədən idman yarışları təxirə salındı.

- Bəs niyə məhz 2023-cü ildə turniri bərpa etmək qərarına gəldiniz?

- Yalnız ölkədə epidemioloji vəziyyətin yaxşılaşmasından və xüsusi karantin rejiminin yumşaldılmasından sonra belə tədbirlərin bərpasına imkan yarandı. Həm də ötən müddətdə çox mühüm hadisələr baş verdi: ilk 3 turnirin təşkili zamanı biz torpaqlarımızın işğaldan azad edilməsi barədə arzularımızı dilə gətirirdiksə, bu il işğala son qoyulmasının üçüncü ildönümü böyük sevinc hissi, ruh yüksəkliyi ilə qeyd olundu. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın erməni silahlı birləşmələrinin qalıqlarından və separatçılardan təmizlənmiş yaşayış məntəqələrində, o cümlədən Xankəndi şəhərində Azərbaycan bayrağını ucaltdıqdan bir ay sonra - noyabrın 16-17-də “Raquf Orucov Kuboku” turniri keçirildi. Sayca dördüncü olan turnir yenə cəmiyyətdə və idman ictimaiyyətində böyük maraq və rəğbət doğurdu. Əvvəlki turnirlərdə olduğu kimi, bu dəfə də açılış mərasimi məxsusi ssenari əsasında hazırlanmışdı. Yarış iştirakçılarına və qonaqlara Azərbaycanın möhtəşəm Qarabağ Zəfərindən, həmçinin şəhid polkovnik-leytenant Raquf Orucovun və silahdaşlarının qəhrəmanlığından bəhs edən videoçarxlar, tanınmış müğənnilərin ifasında vətənpərvərlik mahnıları, gənc cüdoçuların nümunəvi çıxışları təqdim olundu. Mərasimdə dövlət qurumlarının nümayəndələri, deputatlar, idmançılar, ictimai fəallar və əlbəttə, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları iştirak edirdilər.

- Turnirdə hansı ölkələrin idmançıları mübarizə apardılar?

- Turnirin iştirakçıları arasında 5 xarici ölkədən – Tacikistan, Qazaxıstan, Dağıstan (Rusiya), Gürcüstan və Türkiyədən gəlmiş cüdoçular mükafatalayiq yerlər uğrunda mübarizə aparırdılar. Qonaqlarımızdan bir neçəsi öz vətəninə turnirdə qazandığı medal və hadiyyələrlə qayıtdı. Bizim üçün əlamətdar hadisə isə holdinqin tərkibindəki “Judo Club 2012” idman klubu idmançılarının Azərbaycan komandasının tərkibində turnirdə yüksək nəticələr göstərməsi oldu.

- Sizcə, “Raquf Orucov Kuboku” beynəlxalq turniri gənc cüdoçuların yetişməsinə hansı töhfəni verir, böyüməkdə olan nəslə necə təsir göstərir?

- Hər bir yarış idmançıya öz imkanlarını qiymətləndirmək, ustalığını artırmaq imkanı verir. “Raquf Orucov Kuboku” turniri yaşı 20-dək olan cüdoçular arasında keçirilir. İlk üç turnir komanda formatında keçirilib, bu il isə yarışlar fərdi formatda təşkil olundu. Hər bir format öz xüsusiyyətləri ilə fərqlənsə də, deyə bilərəm ki, turnir əsas məqsədinə nail oldu: həm Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, həm gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərilməsi, həm də gənc cüdoçularımızın yarış təcrübəsinin artırılması baxımından...

Turnirin “İdman TV” telekanalnda canlı yayımlanan açılış mərasiminin, həmçinin Bakı İdman Sarayında keçirilən qarşılaşmaların izləyiciləri arasındakı çoxsaylı yeniyetmələrə, gənclərə mənəvi-psixoloji təsirini qeyd etmək istərdim. Əvvəla, cüdo özündə cəldlik, güclülük, cəsarətlik kimi xüsusiyyətləri ehtiva edir – bunlar böyüməkdə olan nəsillərin fiziki sağlamlığı üçün çox vacib xüsusiyyətlərdir. İkincisi də, turnir həm dostluq, həm də vətənpərvərlik duyğularını təşviq edir. Təbii ki, şəhidlərimizin vətənpərvərliyi gənc nəsillərimiz üçün örnəkdir. Bütün bunları nəzərə alaraq, əminliklə deyə bilərəm ki, “Raquf Orucov Kuboku” turniri həm cüdonun təbliği, həm də gənc nəslin ideya-mənəvi tərbiyəsi üçün mühüm əhəmiyyət daşıyan idman tədbiridir.

Yeri gəlmişkən qeyd edim ki, Azər müəllimin xeyriyyəçilik fəaliyyətində gənc nəslin vətənpərlik tərbiyəsinə dəstək verilməsi əsas istiqamətlərdəndir. Onun təşəbbüsü ilə şəhid polkovnik-leytenant Raquf Orucov və Azərbaycanda cüdonun inkişafında xüsusi xidmətləri olan tanınmış məşqçi Tərlan Həsənov haqqında böyük tirajla kitablar nəşr olunub. Onların hər ikisinin ömür yolu gənclərə əsl vətənpərvərlik ruhu aşılayır, onların hər ikisi sağlığında əfsanəviləşmiş şəxsiyyətlərdir: biri hərbi kəşfiyyatçı, biri də idman xadimi kimi...

- Xaricdən gələn idmançılar ölkəmizdən hansı təəssüratlarla ayrıldılar?

- Onlar xalqımıza məxsus qonaqpərvərlikdən çox məmnun qaldılar. Onların paytaxtımızla yaxından tanışlığına da şərait yaradıldı.

- “Raquf Orucov Kuboku” turnirinin gələn il nə vaxt keçirləcəyi nəzərdə tutulur?

- Bu, ənənəvi turnirdir və “Azman Holdinq”in, onun təsisçilərinin maddi imkanları çərçivəsində hər il, o cümlədən gələn il də keçirilməsi nəzərdə tutulur. Artıq 2024-cü il üçün ilkin hazırlıqlara da başlanılıb. Təşkilat Komitəsi fəaliyyətdədir. Özü də bu dəfəki yubiley turniridir – yəni, 5-ci olacaq. Ona görə də hazırlıq işləri daha geniş xarakter daşıyır. Yanvarın ilk günlərindən konkret istiqamətlərdə fəaliyyətimizi davam etdirəcəyik. Turnirin keçiriləcəyi tarix barədə ictimaiyyətə məlumat veriləcəkdir. Turnirin əsasnaməsi Azərbaycan Cüdo Federasiyasının köməyi ilə xarici ölkə federasiyalarına göndəriləcək. Əminik ki, həm İdman və Gənclər Nazirliyi, həm də Federasiya turnirin keçirilməsinə, həmişəki kimi, yüksək səviyyədə dəstək verəcəkdir.

Xəbəri paylaş

Digər xəbərlər

06-11-2024

Bayıldakı “Mangal Steak House” restoranı AQTİ-nin “5 ulduz” sertifikatına layiq görülüb

“Mangal Steak House Bayıl” restoranı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun  (AQTİ) ictimai iaşə o...

Daha çox
28-09-2024

Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi 40-cı açıq yubiley turniri keçirilib

Sentyabrın 28-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə...

Daha çox