“Azman Holding” MMC-nin, “Sevil” KM-in, “Rahat Həyat” MTK-nın layihələrində, həmçinin “Akhundovskiy” MTK-da, “City Service Company” MMC-də və “Sapphire Group” MMC-də tikinti-təmir işləri üzrə xidmətlər göstərən podratçı şirkətlərin rəhbərləri ilə mayın 18-də sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit (SƏTƏM) məsələlərinə dair görüş keçirilib.
“Azman Holding”in müvafiq sahə üzrə əməkdası Şamil Quliyev görüş iştirakçılarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin əməyin mühafizəsi ilə bağlı maddələri, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tələbləri və beynəlxalq İSO 9001, İSO 14001, İSO 45001, İSO 13943 standartları barədə ətraflı məlumat verib.
Podratçı şirkətlərin rəhbərlərinə bir daha xatırladılıb ki, işçilərlə mütləq əmək müqaviləsi olmalıdır, onlar əməyin mühafizəsi üzrə təlimatlandırılmalıdırlar, peşə təlimlərinə (yüksəklikdə işləmək, elektrik təhlükəsizliyi, qaynaq işləri, metal bəndlər (lesa) və körpü (iskələ) qurmaq və s. üzrə) cəlb olunaraq, müvafiq sertifikat almalıdırlar, fərdi mühafizə vasitələri ilə təmin edilməlidirlər, eləcə də müxtəlif işlərin icrası prosesi, risklərin qiymətləndirilməsi, işlərin aparılmasın icazələr, iş proseduru rəhbər və mühəndis heyət tərəfindən sənədləşdirilməli və bir nüsxəsi “Azman Holding”in SƏTƏM şöbəsinə təqdim olunmalıdır.