Şəhid anaları xalqımız və ordumuz üçün dualar etdi
Vətən müharibəsindən sonra silsilə layihələrini şəhidlər və onların əmanətlərinə həsr edən “Fire Land Production” müharibənin başlanması tarixinin ikinci ildönümündə daha bir tədbirlə vətənsevərləri bir araya toplayıb. İndiyə kimi 1700-ə yaxın şəhid əmanətini “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinə cəlb edərək, onlara qayğı və ehtiram nümayiş etdirən təşkilatçılar hər zaman Heydər Əliyev Fondundan böyük dəstək görüblər.
Son tədbirlərdən biri Heydər Əliyev Mərkəzinin qarşısında keçirilib, 400-dən çox şəhid yaxını yüksək səviyyədə qarşılanıb, şəhid əmanətləri hər zaman Heydər Əliyev Fondunun onlara göstərdiyi bu qayğıdan məmnuniyyətlərini ifadə ediblər. O cümlədən Daxili İşlər Nazirliyinin əməkdaşları şəhid yaxınlarına hər gördüklərində hərbi salamla təzim edib, tədbirlər boyu onların təhlükəsizliyini qoruyublar.
“Mənim oğlum qəhrəmandır” layihəsinin növbəti məramı 30 il ərzində Qarabağ uğrunda canından keçən bütün şəhidləri xatırlamaq, onlara bərabər səviyyədə diqqət göstərmək idi. Şəhidlərin hansısa zaman kəsimində deyil, Azərbaycan tarixinin yaddaşına həkk olunan qəhrəmanlar olduqlarına diqqət çəkmək layihənin əsas məqsədlərindən biridir.
Bütün bölgələrdən Bakıya gələrək I Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət etmək üçün toplanan Vətən müharibəsi şəhidlərinin anaları layihə üçün bir mərkəzə yığışdılar.
13 sentyabr 2022-ci il saat 10:45-də Şəhidlər xiyabanına gələn Vətən müharibəsi şəhidlərinin anaları Birinci Qarabağ müharibəsinin şəhidlərini yad etdilər, ordumuza güc-qüvvət, ölkəmizə əmin-amanlıq arzuladılar. Sonra şəhid anaları avtobuslarla Bayılda yerləşən “Manqal Steak House”a doğru yola çıxdılar. Orada şəhidlərimizə ehsan süfrəsi açıldı. Şəhid anaları dualar edərək öz əlləri ilə halva çaldılar.
Sonra bütün şəhid anaları və dəvət olunan qonaqlar Bibiheybət məscidində namaz qılıb müzəffər ordumuza dualar etdilər. Bu gün Azərbaycan Ermənistan sərhədindəki təxribatların qarşısını alarkən şəhid olan qəhrəmanlarımızın ruhlarını yad etdilər.