Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi II İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının qaliblərinin rəsmi mükafatlandırma mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, tədbir Beynəlxalq Muğam Mərkəzində baş tutub.
Mərasimdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, festivalın münsiflər heyətinin sədri Zemfira Meftahətdinova, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov, MOK-un İcraiyyə Komitəsinin və festivalın münsiflər heyətinin üzvləri, Olimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Hüseynzadə festivalın əhəmiyyətindən danışıb. O, ilk dəfə Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının 2022-ci ildə təsis olunduğunu diqqətə çatdırıb: “Festivalı ilk dəfə təşkil edəndə bilmirdik ki, bu layihə gələcəkdə davam edəcək, ya yox. Bu gün artıq rəqəmlər də səsləndi. Əgər birinci festivalda 40 video təqdim olunmuşdusa, budəfəki festivalda bu rəqəm 58-ə bərabərdir. Biz onun yekunlarına toplaşmışıq. Azərbaycan idmanın təbliği üçün bu festivalın böyük əhəmiyyəti var. Arzum var ki, bu festivalı bir müddətdən sonra beynəlxalq səviyyəyə çatdıraq. Əminəm ki, buna da nail olacağıq. Festivalın qaliblərini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.
Sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib.
“Reklam və Promo çarxlar” nominasiyasının qalibi adını Azərbaycan Gimnastika Federasiyası tərəfindən təqdim olunan “Ulduz kimi parla” çarxı qazanıb. Azərbaycan Cüdo Federasiyasının (ACF) “Cüdomuzun gələcəyi” tanıtım çarxı “Gələcək qaliblər” nominasiyasında qalib olub. ACF daha bir uğuru “Zərif qəhrəman” nominasiyasında - “Qızlara ağ yaraşır” tanıtım çarxı ilə əldə edib.
“Həyat naminə - İdman” nominasiyasında “İdman TV”nin ərsəyə gətirdiyi “Bilinməyən Mən Züleyxa Hacıyeva” televiziya filmi birinci yerə layiq görülüb. “90plus” media təşkilatının ekranlaşdırdığı “Qələbə sadəcə inamdır” sənədli filmi Münsiflər Heyəti tərəfindən “Güclü iradəli” nominasiyasının qalibi olub.
Mərasimdə, həmçinin festivalın Təşkilat Komitəsinin xüsusi mükafatarı da təqdim olunub. “Gələcəyin qalibləri” nominasiyasında “Kikboks” sənədli filmi (“İdman TV) və "Kids Athletics" tanıtım çarxı (Azərbaycan Atletika Federasiyası) fərqlənib. “12 saniyə” (Azərbaycan Atıcılıq Federasiyası) və “8 Mart - Beynəlxalq Qadınlar Günü” (Azərbaycan Cüdo Federasiyası) tanıtım çarxları reklam və promo çarx nominasiyasında xüsusi mükafata layiq görülüb. “Znay naşix” televiziya filmi (“MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi) güclü iradəli nominasiyasında, Mirağa Əliyevin “Qızıl əlcək - Ağacan Abıyev” qısametrajlı filmi “Həyat naminə - İdman” nominasiyasında, “Zərif missiya” televiziya filmi (“İdman TV”) isə “Zərif qəhrəman” nominasiyasında münsiflər heyətinin rəğbətini qazanıb.
Tədbirdə “Cüdo Klub 2012” İctimai Birliyinın xüsusi mükafatları da təqdim olunub. “Güclü iradəli” nominasiyasında “Fateh” televiziya filmi (“İdman TV”), “Heydər Əliyev, Vklad Velikovo Lidera v Azerbayjanskiy sport” televiziya filmi (“CBC İnternational”), “Zərif qəhrəman” nominasiyasında “Xoşbəxt sabahlar - Şuşa Uşaq Gənclər İdman Məktəbi” televiziya layihəsi (Xəzər Media Mərkəzi), “Reklam və promo çarx” nominasiyasında “Birlikdə güclüyük” reklam çarxı (“DMS Azerbaijan MMC), “Həyat naminə - İdman” nominasiyasında “Veteran cüdoçu - Fərhad Rəcəbli” tanıtım çarxı (“MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi) xüsusi mükafata layiq görülüb.
Tədbir zamanı MOK-un xüsusi mükafatlarına layiq görülən iştirakçılar da təltif olunub. “Güclü iradəli” nominasiyasında “Olimpə doğru” - Nikita Simonov qısa metrajlı filmi (ARB 24) və “İdman ustaları” televiziya filmi (Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti), “Gələcəyin qalibləri” nominasiyasında “Lənkəranda ağır atletika dərsləri” tanıtım çarxı (Azərbaycan Ağırlıqqaldırma Federasiyası), “Reklam və Promo çarx” nominasiyasında “Avarçəkmə Qarabağdan paytaxta” tanıtım çarxı (Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası), “Həyat naminə - İdman” nominasiyasında “Kamillik Yolu” sənədli filmi (Azərbaycan Cüdo Federasiyası), “Zərif qəhrəman” nominasiyasında "Təkan ver - Elnarə Abbasova" tanıtım çarxı (Azərbaycan Ağırlıqqaldırma Federasiyası) xüsusi mükafata layiq görülüb.
Tədbir zamanı qaliblərin elan edilməsi və mükafatlandırılması ilə yanaşı, həm də festivalın qonaqları və partnyorlarının çıxışları, musiqili proqram təqdim olunub.
Qeyd edək ki, ilk dəfə Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” 2022-ci ildə təsis olunub. Festival müxtəlif idman və ekstrimal idman növlərinin populyarlaşdırılması, sağlam həyat tərzinin təbliği, uşaq, yeniyetmə və gənclərin idman bölmələrinə cəlb edilməsi, Olimpiya Hərəkatı prinsiplərinin təbliğ edilməsi, mədəni maarifləndirmə və yaradıcı insanlar arasında tam təcrübə mübadiləsi imkanlarının yaradılması, idmanla bağlı filmlərin və proqramların nümayişini təşkil etməklə bütün sosial təbəqələrin yerli televiziya və kinematoqrafiya mədəniyyəti dəyərlərinə geniş çıxışının təmin edilməsi və s. məqsədi daşıyıb.
Tərəfdaş - CÜDO KLUB 2012 İctimai Birliyi. İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Turkic.World, İdman.Biz, və AZTV, AZTV İdman, CBC SPORT, ARB, SPACE, Olympic.az, OlimpiyaDünyası, Sportsman.
Sentyabrın 28-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə...
Daha çoxErmənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, iş...
Daha çox