Xocalı soyqırımını unutmayacağıq!

Fevralın 26-da biz 1992-ci ildə Xocalıda baş vermiş qanlı faciə qurbanlarının xatirəsini ehtiramla yad edirik. Bu dəhşətli hadisədən uzun illər keçib. Amma Qarabağın kiçik bir şəhərinin sakinlərinə qarşı törədilmiş amansız cinayəti unutmaq mümkünsüzdür. Dinc əhaliyə qarşı soyqırımı erməni quldur dəstələri tərəfindən, keçmiş SSRİ Silahlı Qüvvələrinin, əsasən, ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının dəstəyi ilə həyata keçirilib. Həmin gün təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin yaddaşında qeyri-insani zorakılığın, terrorun, dəhşətli soyqırımın rəmzi kimi əbədi qalacaqdır.

Xocalı Qarabağda azərbaycanlıların yaşadığı əsrarəngiz, dinc bir şəhər idi. Lakin buradakı dinc həyatı erməni separatçılar qəsdən məhv etdilər. Müdafiəsiz qadınları, uşaqları və qocaları erməni quldur dəstələri və 366-cı alayın əsgərləri amansızcasına güllələdilər.

Qətliam qurbanlarının statistikası ermənilərin bölgənin azərbaycanlı əhalisinə qarşı qeyri-insani rəftarından xəbər verir.  Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib; onlardan 106-sı qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 1000 nəfər əlil olub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.

Qatilləri unutmayacağıq və bağışlamayacağıq!

Bu gün biz soyqırımı qurbanlarının xatirəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altındakı bütün torpaqları, o cümlədən Xocalını azad etdiyi bir şəraitdə ehtiramla yad edirik. Düşmən üzərində Qələbəmiz, bütün Qarabağın şəhər və kəndlərində ucalan Azərbaycan bayrağı ötən illərin iztirablarına, itkilərinə cavabımız, Xocalı soyqırımının günahsız qurbanlarının hər birinə görə alınan qisasın rəmzidir.

Xocalının xatirəsi bizə həmişə sülh və ədalət uğrunda mübarizə aparmağın zəruriliyini xatırladacaq. Və belə dəhşətli hadisələrin bir daha təkrarlanmaması üçün biz o illərin dərslərini unutmamalı və düzgün nəticə çıxarmalıyıq.

32 il əvvəl doğma yurdunu tərk etmək məcburiyyətində qalan Xocalı sakinləri bu il yeni tikilən evlərdə öz ata-baba ocaqlarına qayıtmağa başlayacaqlar. Həyat öz adi dinc axarına qayıdacaq, illər, onilliklər keçəcək… Bəli, yaşamalıyıq…

Amma soyqırımını unutmamalıyıq ki, bu, bir daha təkrarlanmasın.

Xocalı ağrısı əbədi olaraq qəlbimizdədir.

Azər Əsgərov

Xəbəri paylaş

Digər xəbərlər

28-09-2024

Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi 40-cı açıq yubiley turniri keçirilib

Sentyabrın 28-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə...

Daha çox
27-09-2024

AZMAN HOLDİNQ-in bütün strukturlarında şəhidlərin əziz xatirəsi anılıb.

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, iş...

Daha çox